Daha bir ölkədə uşaqlara sosial media QADAĞAN OLUNDU
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti 15 yaşdan kiçik uşaqların sosial media platformalarından istifadəsini qadağan edən yeni qaydalar qəbul edib.
Ajans.az xəbər verir ki, bu barədə ölkənin rəsmi WAM xəbər agentliyi məlumat yayıb.
Bundan sonra 15 yaşdan aşağı şəxslərə sosial şəbəkələrdə şəxsi hesab yaratmaq, istifadə etmək və ya idarə etmək qadağandır. Həmçinin onlar məzmun paylaşa, şərh yaza və ictimai qruplarda iştirak edə bilməyəcəklər.
Hökumətin açıqlamasında qeyd olunub ki, sosial media platformaları bu qaydaları pozan hesabları müəyyən etməli və dərhal bloklamalıdır.
Yeni qaydalara əsasən, 15-16 yaş aralığında olan yeniyetmələrin sosial mediadan istifadəsinə icazə verilsə də, onların hesabları xüsusi məhdudiyyətlərə tabe olacaq. Platformalar bu yaş qrupu üçün məzmunu filtrləməli, istifadə müddətini məhdudlaşdırmalı və naməlum şəxslərlə ünsiyyətə imkan verən funksiyaları deaktiv etməlidir.
Bundan əlavə, sosial media şirkətlərinə yetkinlik yaşına çatmayan istifadəçilərin şəxsi məlumatlarından kommersiya məqsədilə istifadə etmək və ya onlara hədəflənmiş reklam göstərmək qadağan edilir. Hökumət vurğulayıb ki, valideyn razılığı belə bu məhdudiyyətlərin aradan qaldırılması üçün əsas sayıla bilməz.
Qərara əsasən, platformalar rəqəmsal şəxsiyyət vəsiqələri və ya biometrik məlumatlar kimi güclü yaş təsdiqləmə sistemləri tətbiq etməlidirlər. Şirkətlərə yeni tələblərə uyğunlaşmaq üçün 12 aylıq keçid müddəti verilib.
Qaydaların pozulması halında BƏƏ hakimiyyəti sosial media platformalarına qarşı inzibati cərimələr tətbiq edə, həmçinin onların ölkə ərazisində fəaliyyətini qismən və ya tam şəkildə məhdudlaşdıra bilər.