Reklam resmi
Reklam resmi

59 min illik TAPINTI: Tibb tarixini DƏYİŞƏN KƏŞF

59 min illik TAPINTI: Tibb tarixini  DƏYİŞƏN KƏŞF
Sağlamlıq
746

Müasir stomatologiyanın təməlləri düşündüyümüzdən daha qədim dövrlərdə qoyulmuş ola bilər.

Ajans.az xəbər verir ki, Sibirdə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan yeni tapıntılar göstərir ki, neandertallar diş ağrılarını azaltmaq üçün dişlərdə xüsusi müdaxilələr edir və infeksiyanı təmizləyə bilirdilər.

İnsanlıq tarixi ilə bağlı bildiklərimiz Sibirdən gələn bu yeni kəşflə dəyişməyə başlayıb. Uzun illər yalnız həyatda qalmağa çalışan ibtidai insanlar kimi tanınan neandertalların əslində daha inkişaf etmiş bacarıqlara sahib olduqları məlum olub.

Rusiyadakı "Chagyrskaya Cave" mağarasında tapılan 59 min illik azı dişi neandertalların diş ağrılarına qarşı müalicə üsullarından istifadə etdiyini ortaya qoyub. Diş üzərində aşkarlanan dərin deşik bunun təsadüfi deyil, məqsədli tibbi müdaxilə olduğunu göstərib. Bu tapıntı indiyədək məlum olan ən qədim diş müalicəsi nümunəsini geridə qoyaraq, cərrahiyyə tarixini daha qədim dövrlərə aparıb.

Alimlər qədim müdaxilənin necə həyata keçirildiyini öyrənmək üçün müasir laboratoriyalarda həmin dövrün şəraitini canlandırıblar. Russian Academy of Sciences mütəxəssisləri qədim daş alətlərin bənzərlərini hazırlayaraq diş səthində deşmə təcrübələri aparıblar. Araşdırmalar göstərib ki, iti daş alətlər çürümüş toxumanı təmizləməkdə kifayət qədər təsirli olub.

Tədqiqatçılar neandertal dişindəki izlərlə təcrübələrin nəticələrini müqayisə etdikdə, bunun təsadüfi deyil, planlı təmizləmə əməliyyatı olduğunu müəyyən ediblər. Diş üzərindəki aşınmalar isə həmin şəxsin əməliyyatdan sonra yaşadığını və dişindən istifadə etməyə davam etdiyini göstərir.

Mağara dövrünün inkişaf etmiş izləri

Altay dağlarının ətəyində yerləşən bu mağara sadəcə sığınacaq deyil, həm də həmin dövrün inkişaf etmiş mərkəzlərindən biri hesab olunur. Arxeoloji tapıntılar Avropadan bu bölgəyə köç edən insanların yalnız alət hazırlamaqda deyil, tibbi və bioloji biliklərdə də müəyyən təcrübəyə sahib olduqlarını göstərir.

Daha əvvəl bəzək əşyaları və sənət nümunələri ilə diqqət çəkən bu insanlar indi də cərrahi müdaxilə bacarıqları ilə alimləri heyrətləndirirlər. Neandertalları “vəhşi” kimi təqdim edən köhnə nəzəriyyələr bu kəşfdən sonra aktuallığını itirməyə başlayıb. Təxminən 59 min il əvvəl heç bir keyidici vasitə olmadan həyata keçirilən bu müdaxilə insan tarixinin düşündüyümüzdən daha qədim və inkişaf etmiş olduğunu göstərir.

author picture
Tərlan Əmrahova
Mövzular:
Sibir Müasir stomatologiya arxeoloji qazıntılar Altay dağları "Chagyrskaya Cave" neandertallar

Digər Xəbərlər