Yayda bu qidalar sizi ZƏHƏRLƏYƏ BİLƏR
Yay aylarında havaların isinməsi ilə qida zəhərlənməsi riskləri də artır.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova ajans.az-a açıqlamasında bildirib ki, bəzi məhsullar yüksək temperaturda daha tez xarab olur və onların saxlanmasına xüsusi diqqət yetirilməlidir.
Onun sözlərinə görə, süd və süd məhsulları, xüsusilə qatıq, pendir və qaymaq, eləcə də ət və ət məhsulları, balıq və dəniz məhsulları, yumurtadan hazırlanan qidalar, kremli şirniyyatlar, ev şəraitində hazırlanan qarışıq salatlar, həmçinin doğranmış meyvələr yüksək risk qrupuna daxildir:
“Bu məhsulların satış və saxlanma zamanı 2-4 dərəcə temperaturda qorunması vacibdir. Qidalar doğru şəkildə mühafizə olunmayacaqsa, evdə də az miqdarda alınması tövsiyə olunur. Bişirilmiş məhsullar isə iki saatdan artıq otaq temperaturunda saxlanılmamalı, mütləq soyuducuya yerləşdirilməlidir. Yay mövsümündə meyvələrin yuyulmadan istehlak edilməsini də sağlamlıq üçün təhlükə yaradır”.

M.Hüseynova hesab edir ki, qida təhlükəsizliyinin təmin olunması üçün satış obyektlərində nəzarət gücləndirilməli, mənşəyi məlum olmayan məhsulların satışının qarşısı alınmalıdır. Onun sözlərinə görə, məhsulların daşınması və saxlanılması zamanı da soyuq zəncir prinsiplərinə ciddi əməl edilməlidir:
“Supermarketlərdə soyuducuların işlək vəziyyətdə olmasına, məhsulların istehsal və son istifadə tarixlərinə nəzarət edilməlidir. İctimai iaşə obyektlərində işçi heyətin gigiyena qaydaları və qida təhlükəsizliyi ilə bağlı mütəmadi təlimatlandırılması da zəhərlənmə risklərinin azaldılmasında mühüm rol oynayır. Qida Təhlükəsizliyi Agentliyi də mütəmadi olaraq nəzarətləri gücləndirməlidir. Satış yerlərində qeyri-qanuni satışların, mənşəyi bəlli olmayan məhsulların satışının qarşısı alınmalıdır. Məhsulların satışa həyata keçirilərkən soyuq zəncir prinsipi əsas götürülməlidir. Bundan başqa mütəmadi olaraq əhalinin maarifləndirilməsi həyata keçirilməlidir. Bu bir çox hallarda qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif layihələr çərçivəsində edilsə də, layihələrin müddəti çox qısa və birdəfəlik olur”.
Mələksəda Ziyad