Ən birinci Hantavirus-a yoluxan PASİENT
Quş müşahidəsinə olan böyük həvəsi ilə tanınan niderlandlı ornitoloq Leo Şilperoord kruiz gəmisində baş verən hantavirus epidemiyasında “sıfır xəstə” kimi müəyyən edilib.
Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, Leo Şilperoord və 69 yaşlı həyat yoldaşı Mirjam Şilperoord Cənubi Amerikada beş aylıq səyahətdə olublar.
Onlar 27 noyabr tarixində Argentinaya gəlib, daha sonra Çili və Uruqvayı ziyarət etdikdən sonra mart ayının sonunda yenidən Argentinaya qayıdıblar.
Hollandiyanın Haulerwijk kəndindən olan cütlük uzun illərdir ornitologiyaya bağlılıqları ilə tanınırdı. Onlar hələ 1984-cü ildə birgə elmi tədqiqatlar dərc etmiş, 2013-cü ildə isə Şri-Lankaya “unudulmaz” səfər həyata keçirmişdilər.
27 mart 2026-cı ildə Argentinaya qayıdan cütlük nadir ağboğazlı karakaranı (Darvinin karakarası) müşahidə etmək ümidi ilə Uşuaya şəhərindən təxminən 6 kilometr aralıda yerləşən əraziyə baş çəkib. Argentina hakimiyyətinin ehtimalına görə, onlar uzunquyruqlu düyü siçanlarının ifrazatları ilə təmasda olub. Məhz bu gəmiricilər insandan insana keçə bilən nadir Andes ştammı hantavirusunun daşıyıcıları hesab olunur.
Aprelin 1-də cütlük MV Hondius kruiz gəmisinə minib. Aprelin 6-da Leo Şilperoordda simptomlar müşahidə olunmağa başlayıb və o, beş gün sonra vəfat edib.
Mirjam Şilperoord isə aprelin 24-də ərinin cəsədi ilə birlikdə Müqəddəs Yelena adasında gəmidən enib və Yohannesburq üzərindən vətənə qayıtmağa çalışıb. Lakin vəziyyətinin kəskin pisləşməsi səbəbindən o, reysdən çıxarılıb və ertəsi gün hava limanında həyatını itirib.
Yerli Haulerwijk nəşrində dərc olunan nekroloqda cütlük haqqında “Uçuşdakı quşlar kimi” ifadəsi yer alıb. Associated Press-in məlumatına görə, Mirjamla eyni reysdə olan ən azı yeddi ABŞ vətəndaşı artıq tibbi nəzarət altında ölkələrinə qayıdıblar.