Kanada Avroviziyada iştirak hüququ qazandı
Kanadanın milli yayımçısı CBC/Radio-Canada Avropa Yayım Birliyinin (EBU) tamhüquqlu üzvü olub. Bu status ölkəyə gələcəkdə Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək hüququ verir.
Ajans.az xəbər verir ki. qərar iyunun 25-də Praqada keçirilən EBU-nun 96-cı Baş Assambleyasında səsvermə yolu ilə qəbul edilib. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
EBU-nun açıqlamasında bildirilib ki, tamhüquqlu üzv statusu CBC/Radio-Canada-ya təşkilatın bütün əməkdaşlıq imkanlarından yararlanmağa şərait yaradır. Bunlara araşdırma jurnalistikası, faktların yoxlanılması, rəqəmsal xəbər şəbəkələri, həmçinin Eurovision News Exchange və Euroradio Music Exchange xidmətlərinə çıxış daxildir.
EBU Kanadanın Avroviziyada iştirakını birbaşa təsdiqləməsə də, müsabiqənin qaydalarına əsasən, milli yayımçısı EBU-nun tamhüquqlu üzvü olan ölkələr yarışmaya qatılmaq hüququ əldə edirlər.
The New York Times qəzetinin məlumatına görə, CBC/Radio-Canada-nın sözçüsü Leon Mara Avroviziya ilə bağlı daha ətraflı məlumatın sonradan açıqlanacağını bildirib. O, Kanadanın müsabiqədə iştirak edib-etməyəcəyi ilə bağlı suala isə konkret cavab verməyib.
Hazırda Avropa Yayım Birliyinə 57 ölkədən 115 yayımçı təşkilat daxildir.
Qeyd edək ki, Kanada indiyədək heç vaxt Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyib. Bununla belə, kanadalı ifaçılar müsabiqədə başqa ölkələri təmsil ediblər. Onlardan ən məşhuru Selin Dion olub. Müğənni 1988-ci ildə İsveçrəni "Ne partez pas sans moi" mahnısı ilə təmsil edərək müsabiqənin qalibi olub.
Xatırladaq ki, 2025-ci ilin noyabrında Kanadanın Avroviziyaya mümkün qoşulması ilə bağlı müzakirələr zamanı ölkənin maliyyə naziri Fransua-Filip Şampan belə bir təşəbbüsün müsabiqədə iştirak edən tərəflərdən gəldiyini bildirmişdi.