Reklam resmi
Reklam resmi

Fransada 68 min ev işıqsız qalıb

Fransada 68 min ev işıqsız qalıb
Dünya

Fransanın şimal-qərbində yerləşən Bretaniya bölgəsində müşahidə olunan güclü istilər elektrik təchizatında ciddi problemlər yaradıb. Finister departamentinin prefekturasının məlumatına görə, transformatorlardan birinin sıradan çıxması nəticəsində təxminən 68 min ev elektriksiz qalıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, departamentin cənub-qərb hissəsində elektrik enerjisinin verilişi dayandırılıb və texniki çətinliklər səbəbindən enerji təchizatını qısa müddətdə bərpa etmək mümkün olmayacaq.

“Hazırda elektrik kəsintiləri davam edir. Elektrik şəbəkəsinin operatoru RTE texniki problemlər səbəbindən bu gün ərzində enerjinin tam bərpasını təmin edə bilməyəcək. Elektrik enerjisinin iyunun 24-ü günün sonunadək bərpa olunacağı gözlənilir”, – deyə prefekturanın məlumatında qeyd olunub.

Ölkədə davam edən anomal istilər səbəbindən vəziyyət daha da gərginləşib. Hazırda Fransanın 58 departamentində ən yüksək səviyyəli qırmızı istilik xəbərdarlığı, 31 departamentində isə narıncı xəbərdarlıq qüvvədədir.

İsti hava şəraiti təhsil və nəqliyyat sahəsinə də təsir göstərib. Təxminən 10 min məktəb və digər təhsil müəssisəsi fəaliyyətini dayandırıb və ya iş qrafikində dəyişiklik edib. Həmçinin bəzi istiqamətlər üzrə dəmir yolu reysləri məhdudlaşdırılıb.

Fransa mətbuatının məlumatına görə, istilərlə əlaqədar azı 5 nəfər həyatını itirib. Bundan əlavə, sərinləmək üçün su hövzələrinə üz tutan insanlar arasında ən azı 40 nəfərin boğularaq öldüyü bildirilir.

Mütəxəssislər yaxın günlərdə də yüksək temperaturun davam edəcəyini proqnozlaşdırır və əhalini ehtiyatlı olmağa çağırırlar.

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa Bretaniya bölgəsi

Digər Xəbərlər