Bu ölkədə Tesla loqolu narkotik AŞKARLANDI
Ficinin Komo və Munia adalarında ümumi çəkisi 62 kiloqram olan onlarla Tesla loqolu kokain bağlaması aşkarlanıb.
Ajans.az xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı məlumat yayıb.
Məlumata görə, bağlamalar sahildə yerli sakinlər tərəfindən tapılıb. Onlardan birini aşkar edən Sevuloni Taqimotse ilk anda bunun narkotik maddə olduğunu düşünmədiyini bildirib.
"Onu ilk dəfə görəndə bunun narkotik olduğunu ağlıma gətirmədim. Bağlama çimərlikdə, qumun üzərində, yüksək qabarma xəttinin yaxınlığında yerləşirdi", – deyə şahid qeyd edib.
Mütəxəssislərin hesablamalarına görə, maddənin saflıq dərəcəsindən asılı olaraq, müsadirə edilən kokainin ümumi dəyəri 15 milyon ABŞ dollarından çox ola bilər.
ABC-nin məlumatına əsasən, bağlamaların bir hissəsi üzən qurğulara, digərləri isə hava şarlarına bərkidilib. Bu üsul narkotik qaçaqmalçıları tərəfindən böyük gəmilərdən kiçik nəqliyyat vasitələrinə yük ötürmək üçün geniş istifadə olunur.
Fici polisi Komo adasında tapılan 27 bağlamanın ekspertiza üçün paytaxt Suvaya göndərildiyini açıqlayıb. Qalan 35 bağlamanın götürülməsi üçün isə hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi qrup Munia adasına ezam olunub.
İstintaq orqanları hesab edir ki, tapılan narkotik yükləri Sakit okean regionundan Avstraliyaya uzanan beynəlxalq narkotik qaçaqmalçılığı marşrutları ilə əlaqəli ola bilər. Hazırda kokainin mənşəyi və təyinat nöqtəsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
