100 milyon il əvvəlki partlayışın izləri TAPILDI
Alimlər qrupu Sakit okeanın dibində aparılan tədqiqatlar zamanı 100 milyon ildən çox əvvəl baş vermiş güclü kosmik hadisənin izlərini aşkar edib.
Ajans.az xəbər verir ki, araşdırmanın nəticələri Nature Astronomy jurnalında dərc olunub.
Tədqiqat zamanı alimlər okean dibinin çöküntülərində radioaktiv plutonium-244 izotopunun izlərini aşkar ediblər. Bu element Kainatda ən ağır təbii elementlərdən biri hesab olunur və yalnız son dərəcə ekstremal kosmik şəraitdə – atom nüvələrinin çoxlu sayda neytronu sürətlə udduğu r-prosesi zamanı yaranır.
Plutonium-244-ün yarımparçalanma müddəti təxminən 81 milyon ildir. Buna görə də Günəş Sisteminin yaranması dövründən qalan bütün plutonium çoxdan parçalanmalı idi. Alimlər hesab edirlər ki, hazırda aşkar olunan izotop daha sonrakı kosmik hadisələrin nəticəsidir.
Okeanın dibində nə tapılıb?
Mütəxəssislər Sakit okeanın təxminən 4,8 kilometr dərinliyindən çıxarılan ferromangan qabığının nümunələrini təhlil ediblər. Bu yataqlar milyonlarla il ərzində formalaşdığı üçün Yer və kosmosun keçmişi barədə mühüm məlumatları özündə saxlayır.
Əvvəlki araşdırmalarda plutonium-244-ün təxminən 3,5 milyon il əvvəl baş vermiş kosmik partlayışın nəticəsi olduğu ehtimal edilirdi. Lakin yeni tədqiqat zamanı alimlər plutoniumla yanaşı, eyni proses nəticəsində yaranmalı olan kurium-247 izotopunu da axtarıblar.
Araşdırma nəticəsində kurium-247-yə rast gəlinməyib. Həmçinin son dövrlərdə baş vermiş supernova partlayışlarının əsas göstəricilərindən biri sayılan dəmir-60 izotopu da aşkarlanmayıb.
Tədqiqatçıların fikrincə, əlaqəli izotopların olmaması plutoniumun yaxın keçmişdə baş vermiş supernova partlayışlarından qaynaqlanmadığını göstərir.
Alimlər hesab edirlər ki, aşkar edilən material çox güman ki, 100 milyon ildən də əvvəl baş vermiş son dərəcə nadir və güclü kosmik hadisə nəticəsində yaranıb. Bu hadisə iki neytron ulduzunun toqquşması və ya qeyri-adi gücə malik supernova partlayışı ola bilər.
Araşdırma müəlliflərinin qənaətinə görə, Yer hələ də həmin qədim kosmik fəlakətin yaratdığı maddə buludunun içərisindən keçir və onun hissəcikləri tədricən planetimizin səthində toplanır.
Mütəxəssislər bildirirlər ki, bu tapıntı Kainatda ağır elementlərin necə yarandığını daha yaxşı anlamağa imkan verir. Araşdırma həm də göstərir ki, yüz milyonlarla il əvvəl baş vermiş kosmik hadisələrin izləri bu gün də Yer kürəsində aşkar oluna bilər.
Alimlərin fikrincə, əldə olunan nəticələr kainatın təkamülü və ulduz sistemlərinin formalaşması ilə bağlı gələcək tədqiqatlar üçün mühüm əhəmiyyət daşıyır.