Rusiyanın neft-qaz gəlirlərinə zərbə VURULACAQ
"Böyük Yeddilik" (G7) ölkələrinin liderləri sammitin yekun bəyannaməsini açıqlayıblar. Sənəddə Ukraynaya hərbi və iqtisadi dəstəyin gücləndirilməsi, həmçinin Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi barədə mühüm bəndlər yer alıb.
Ajans.az xəbər verir ki, bu barədə Fransada keçirilən G7 sammitinin yekunları üzrə geosiyasi məsələlərə dair birgə bəyanatda bildirilib.
Sənəddə qeyd olunur ki, G7 ölkələri Ukrayna hakimiyyətinin müəyyən etdiyi ehtiyac və prioritetləri nəzərə alaraq ölkənin enerji dayanıqlığının gücləndirilməsini vacib hesab edirlər.
"Biz enerji dayanıqlığının əhəmiyyətini vurğulayırıq. Ukrayna hakimiyyətinin müəyyən etdiyi ehtiyac və prioritetləri nəzərə alaraq, ölkənin qarşıdakı qışı keçirməsinə kömək etmək üçün əlavə dəstək göstərilməsi barədə razılığa gəldik", - bəyanatda deyilir.
Bəyannamədə Ukraynanın növbəti qış mövsümünü itkisiz başa vurması üçün ölkənin enerji sisteminə əlavə maliyyə və texniki dəstəyin təmin ediləcəyi vurğulanıb. Rusiya iqtisadiyyatına yönələn təzyiqlər, xüsusilə neft-qaz sektoruna qarşı tətbiq olunacaq yeni sanksiyalar hesabına daha da gücləndiriləcək. Sənəddə Ukrayna ordusunun döyüş meydanında "yeni bir impuls" qazandığı xüsusi qeyd edilib. Diqqətçəkən əsas məqamlardan biri isə bəyannamədə "sülh danışıqları" barədə heç bir ifadənin yer almamasıdır.
