Türkiyənin məşhur aktrisası, “Kızılcık Şerbeti” serialında İşıl obrazı ilə tanınan Ece İrtəm 35 yaşında vəfat edib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa günorta saatlarında evində qəfil halı pisləşdikdən sonra tibbi yardım çağırılıb. Həmin vaxt anası onun yanında olub. Həkimlərin bütün səylərinə baxmayaraq, Ece İrtəmin həyatını xilas etmək mümkün olmayıb.
Aktrisanın qəfil ölümü həm sənət cameəsində, həm də pərəstişkarları arasında böyük üzüntü ilə qarşılanıb.
Ölümü ilə bağlı ən təsirli məqamlardan biri isə onun vəfatından cəmi bir gün əvvəl ad gününü qeyd etməsi olub. Ece İrtəm həmin gün sosial media hesabında onu təbrik edən və dəstəkləyən izləyicilərinə təşəkkür mesajı paylaşmışdı.
Aktrisanın ölüm səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Onun vəfat xəbəri sosial şəbəkələrdə geniş rezonans doğurub.