ABŞ-nin Ohayo ştatında 28 yaşlı Çens Terrens Topp dörd aylıq qızının qətlində ittiham olunub.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, kişi körpənin ağlamasından əsəbiləşərək onu sakitləşdirməyə çalışıb və əmziyi üzünə sıxaraq nəfəs almasına mane olub.
Hadisə 2023-cü ilin oktyabrında baş versə də, ittihamlar yalnız indi, təxminən üç il davam edən istintaqdan sonra irəli sürülüb. Müstəntiqlər bu işi son illərin ən mürəkkəb araşdırmalarından biri kimi qiymətləndirirlər.
Faciə günü polis və təcili yardım briqadası huşsuz vəziyyətdə olan körpə ilə bağlı çağırış əsasında hadisə yerinə gəlib. Uşaq xəstəxanaya çatdırılsa da, həkimlər onun boynunda izlər, üz nahiyəsində qançırlar və boğulma əlamətləri aşkarlayıblar.
Sonradan aparılan məhkəmə-tibbi ekspertiza körpənin ölümünün qətl nəticəsində baş verdiyini müəyyən edib.
İlkin ifadəsində ata qəribə səslərə oyandığını və qızını xilas etmək üçün ürək-ağciyər reanimasiyası etdiyini desə də, ailə üzvlərinin ifadələri bu versiya ilə üst-üstə düşməyib. Qohumların sözlərinə görə, hadisədən əvvəl otaqdan körpənin yüksək səslə ağladığı, daha sonra isə evdən "Nə etmisən?" qışqırıqları eşidilib.
Araşdırma zamanı məlum olub ki, Topp gecələr tez-tez video oyunları oynayır, spirtli içki qəbul edir və uşağın qayğısına az qalırmış. O, həmçinin otaqda delta-8 THC maddəsindən istifadə etdiyini etiraf edib. Toksikoloji ekspertiza körpənin orqanizmində də həmin maddənin izlərini aşkarlayıb.
Prokurorluğun məlumatına görə, saxlanıldıqdan sonra şübhəli şəxs əmziyi körpənin ağzına həddindən artıq güclə basdığını və bunun nəfəs çatışmazlığına səbəb olduğunu etiraf edib.
Hazırda o, ağırlaşdırılmış qətl, adam öldürmə, boğma və uşağa qarşı zorakılıq da daxil olmaqla 13 maddə üzrə ittiham olunur. Məhkəmə iclasının iyulun 27-nə təyin ediləcəyi gözlənilir.
Mərhum körpənin nənəsi nəvəsini "Gülərüz Rayli" adlandırdığını bildirərək, onun ölümü ilə "dünyanın minlərlə təbəssüm itirdiyini" deyib.