Fransa İsrail maliyyə nazirinin ölkəyə girişini QADAĞAN ETDİ
Fransa İsrailin maliyyə naziri Bezalel Smotriçin ölkəyə girişini qadağan edib.
Ajans.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qərar işğal olunmuş Qərb Şəriyəsində zorakılığın artmasına cavab olaraq, bir sıra Qərb ölkələri ilə koordinasiyalı şəkildə tətbiq olunan yeni sanksiyalar çərçivəsində qəbul edilib. Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib ki, tədbir Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveçlə birlikdə həyata keçirilir.
Nazirin sözlərinə görə, sanksiyalar Qərb Şəriyəsində “müstəmləkəçilik və zorakılığın artmasında məsuliyyət daşıyan şəxslərə” yönəlib. Qərar çərçivəsində Bezalel Smotriçlə yanaşı, dörd məskunlaşma təşkilatının rəhbəri və zorakılıq aktlarında iştirak etdiyi iddia edilən 21 məskunlaşmaçı da siyahıya daxil edilib.
Jan-Noel Barro X sosial şəbəkəsində yazıb ki, Smotriç açıq şəkildə Qərb Şəriyəsinin ilhaqını, yeni yaşayış məntəqələrinin yaradılmasını və Qəzza zolağının yenidən məskunlaşdırılmasını dəstəkləyir. Onun sözlərinə görə, bu mövqe beynəlxalq ictimaiyyətin əksəriyyətinin dəstəklədiyi iki dövlətli həll prinsipləri ilə ziddiyyət təşkil edir.