“Tarakanlar kralı” HƏBS OLUNDU
Avstraliyada qeyri-qanuni şəkildə ekzotik tarakanlar yetişdirən şəxs saxlanılıb və ondan 100 minə yaxın tarakan müsadirə olunub. Hadisə nəticəsində bütün həşəratların məhv edildiyi bildirilir.
Ajans.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
İnsident may ayında Yeni Cənubi Uels ştatının Bathurst şəhərində baş verib. Avstraliyanın İqlim Dəyişikliyi, Enerji, Ətraf Mühit və Su Departamentinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı iki növ ekzotik tarakanın – Madaqaskar fısıldayan tarakanı və Argentina tarakanının qanunsuz şəkildə yetişdirildiyi ferma aşkar edilib. Hər iki növün Avstraliyaya idxalı, saxlanması və yetişdirilməsi qadağandır.
Müsadirə edilən həşəratların ümumi dəyərinin təxminən 200 min Avstraliya dolları olduğu bildirilir.
Madaqaskar fısıldayan tarakanları dünyanın ən böyük tarakan növlərindən hesab olunur və 5–8 santimetr uzunluğa çata bilir. Bu səbəbdən onlar tez-tez sürünənlərin və digər ekzotik ev heyvanlarının qidası kimi istifadə olunur.