Düşməni Sındıran və Zəfərə Aparan QƏTTİ ADDIM
Tarixi Zəfərimizə gedən Aprel döyüşlərindən 10 il ötür. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı Azərbaycan Ordusu uğurla əks-hücum edərək Talış, Lələtəpə, Madagiz, Cocuq Mərcanlı və Gülüstan kimi strateji əraziləri azad etdi. Döyüşlərdə düşmən böyük itkilər verdi, lakin Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiq qaldı.
Mövzu ilə bağlı fikirlərini hərbi ekspert Ədalət Verdiyev Ajans.az-a danışıb.
Ədalət Verdiyev açıqlayıb ki, Aprel döyüşlərində Azərbaycan ilk dəfə olaraq hərəkətdə olan düşmən vasitələrini zərbə tipli pilotsuz döyüş aparatları ilə məhv etdi. Həmçinin, Azərbaycan silahlanmasına qəbul etdiyi Spayk tipli tank əleyhinə idarə olunan raket komplekslərini kütləvi şəkildə tətbiq etdi. Bu komplekslər vasitəsilə “Atdım-Unutdum” texnologiyasına sahib olduğumuz düşmənə nümayiş etdirildi. Onlarca döyüş tankı da sıradan çıxarıldı.
Hərbi ekspertin sözlərinə görə, Aprel döyüşləri Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Bu döyüşlər Azərbaycan üçün gözlənilən idi, çünki bu döyüşlər ərəfəsində düşmənin bütün cəbhə istiqamətlərində atəşkəs pozuntuları ilə müşahidə olunan təxribatları baş verirdi.

“Azərbaycan Ordusu Aprel döyüşlərində böyük fədakarlıq və əzmkarlıq nümayiş etdirdi. Dövlətimiz bir daha beynəlxalq ictimaiyyətə, xüsusilə də Ermənistana başa saldı ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq və ərazilərini istənilən yolla işğaldan azad edəcək.”-deyə, ekspert açıqlayıb.
Aprel döyüşləri vasitəsilə Azərbaycan Ermənistan Ordusunu mənəvi, psixoloji və hərbi məğlubiyyətə məruz qoydu. Bu döyüşlər vasitəsilə xalq, dövlət və ordu sıx şəkildə düşmənə qarşı səfərbər oldu. Xalqımız tərəfindən əməliyyatların davam etdirilməsi və torpaqlarımızın azad olunması üçün sosial sifariş formalaşdı. Ən əsası da Aprel döyüşləri zamanı azad edilən Lələtəpə və Talış kəndi ətrafındakı yüksəkliklər 4 il sonra başlanacaq Vətən müharibəsində əks-hücum əməliyyatları üçün böyük rol oynadı.
Başqa sözlə , Vətən müharibəsindəki zəfərə aparan yol məhz Aprel döyüşlərindən başladı!