Reklam resmi
Reklam resmi

Xaotik tikintilər piyadaların həyatını təhlükəyə atır - Deputat

Xaotik tikintilər piyadaların həyatını təhlükəyə atır - Deputat
Cəmiyyət

Bakıda “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” layihələri çərçivəsində ictimai müzakirə keçirilib.

Ajans.az xəbər verir ki, tədbirdə çıxış edən 

Nəqliyyat eksperti Elməddin Muradlı maarifləndirmə tədbirlərinin artırılmasının vacibliyini qeyd edib. O bildirib ki, cari ilin ilk beş ayında 437 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 242 nəfər həyatını itirib.

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi yaşayış məntəqələrində baş verir və piyadalar ən çox zərər çəkən tərəflərdən biridir.

Onun sözlərinə görə, statistika göstərir ki, yol qəzalarının 87 faizi yaşayış məntəqələrində qeydə alınır, qəzalarda həyatını itirənlərin və xəsarət alanların mühüm hissəsini piyadalar təşkil edir:

"Piyada təhlükəsizliyinin təmin olunması üçün ilk növbədə səkilər məsələsi həll edilməlidir. Masazırın təxminən 70 min əhalisi var. Amma həmin ərazidə səkiyə bənzər cəmi bir yer tapmaq olar. Bənzər vəziyyət Bakıətrafı digər qəsəbələrdə də müşahidə olunur”.

Ərşad Hüseynov əlavə edib ki, qanunvericiliyə edilən dəyişikliklərdən sonra səkilərə görə məsuliyyət yerli icra hakimiyyətlərinin üzərinə düşür.

O, həmçinin küçələrin işıqlandırılması ilə bağlı problemlərin də qalmaqda davam etdiyini bildirib. Ekspertin sözlərinə görə, bu sahədə Laçında tətbiq olunan təcrübə digər şəhər və rayonlarda da istifadə oluna bilər.

Milli Məclisin deputatı Arzuxan Əlizadə çıxışında bildirib ki, yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri maarifləndirmə işinin kifayət qədər aparılmamasıdır. Onun sözlərinə görə, həm sürücülər, həm də piyadalar arasında yol hərəkəti qaydalarına əməl etmə mədəniyyəti tam formalaşmayıb.

Deputat qeyd edib ki, son illər bu sahədə müəyyən tədbirlər görülsə də, piyadaların keçidlərdən istifadə etməməsi, sürücülərin diqqətsizliyi və yol hərəkəti qaydalarına laqeyd yanaşma halları hələ də qalmaqdadır.

Deputat dəmir yolu xətlərində baş verən təhlükəli hallara da diqqət çəkib. O bildirib ki, relslərin üzərinə müxtəlif əşyaların qoyulması və ya dəmir yolu infrastrukturuna qəsdən müdaxilə edilməsi artıq inzibati deyil, cinayət xarakterli əməllər hesab olunur.

Arzuxan Əlizadənin fikrincə, yol qəzalarının sayının azaldılması üçün məktəblərdən başlayaraq davamlı maarifləndirmə proqramları həyata keçirilməli, piyadaların və sürücülərin məsuliyyəti artırılmalı, eyni zamanda yol infrastrukturundakı çatışmazlıqlar aradan qaldırılmalıdır. 

“Maarifləndirmənin gücləndirilməsi ilə yüzlərlə insan həyatının xilas olunmasına nail olmaq mümkündür”, - deyə deputat əlavə edib.

Memar Cahid Həsənov isə Bakı şəhərində bəzi ərazilərdə artıq “piyada tıxacları”nın yarandığını deyib.

Onun sözlərinə görə, insanların sıx hərəkəti zamanı piyadalar bir-biri ilə toqquşur, bu isə əlavə təhlükə yaradır. Həsənov piyada zolaqlarının və ətraf ərazilərin daha keyfiyyətli işıqlandırılmasının vacibliyini vurğulayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, piyadaların iştirakı ilə baş verən qəzaların əsas səbəblərindən biri işıqlandırılmayan keçidlər və piyadaların müəyyən olunmuş keçidlərdən istifadə etməməsidir:

"Qulaqlıqdan istifadə, valideyn nəzarətinin zəif olması və uşaqlara yol hərəkəti qaydalarının kifayət qədər aşılanmaması da risk faktorları sırasındadır". 

Milli Məclisin deputatı İltizam Yusifov isə bildirib ki, yol hərəkəti təhlükəsizliyi sahəsində görülən işlərlə yanaşı, vətəndaşların məsuliyyəti də artırılmalıdır.

Onun sözlərinə görə, piyadalar yol hərəkəti qaydalarına əməl etmədikcə problemin tam həllindən danışmaq mümkün deyil.

Deputat qeyd edib ki, son 3-4 ildə yol-nəqliyyat hadisələrinin statistikasında müəyyən sabitləşmə müşahidə olunur. O bildirib ki, 2024-cü ildə yol qəzalarının sayında 13 faiz azalma qeydə alınıb.

“Azərbaycanda hər 1000 nəfərə 179 nəqliyyat vasitəsi düşür. Biz hələ yüksək avtomobilləşmiş ölkələr sırasında deyilik. Buna baxmayaraq, yollarda nəzarət tədbirləri daha da gücləndirilməlidir”, - deyə deputat vurğulayıb.

İltizam Yusifovun sözlərinə görə, piyadaların təhlükəsizliyi yol hərəkəti siyasətində bir nömrəli məsələ olmalıdır.

Deputat Bakı-Ələt-Hacıqabul-Qazax beynəlxalq magistral yolunun keçdiyi bəzi yaşayış məntəqələrində piyada infrastrukturunun çatışmazlığına da diqqət çəkib.

“Sahil qəsəbəsində təxminən 80 min nəfər yaşayır. Buna baxmayaraq, ərazidə piyadalar üçün təhlükəsiz keçid yoxdur. Mövcud yeraltı keçid də sökülüb. Bu kimi problemlər insanların həyatını risk altına qoyur”, - deyə o əlavə edib.

Mələksəda Ziyad

Mövzular:
Xaotik tikintilər piyadalar

Digər Xəbərlər