Filippinin Takloban şəhərində yerləşən San Jose Liseyində baş verən silahlı insident nəticəsində üç nəfər həyatını itirib, beş nəfər isə yaralanıb.
Ajans.az "Inquirer" qəzetinə istinadən xəbər verir ki, atışma yerli vaxtla saat 09:00 radələrində məktəbin ərazisində baş verib.
Filippin Xəbər Agentliyinin məlumatına əsasən, hücumu həyata keçirməkdə şübhəli bilinən şəxslərdən biri – 15 yaşlı yeniyetmə hadisədən dərhal sonra saxlanılıb. İkinci şübhəlinin tutulmasına isə yerli sakinlər polisə kömək ediblər.
Yerli hakimiyyət orqanları hər iki hücumçunun yetkinlik yaşına çatmadığını açıqlayıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin motivini araşdırır.
Yerli KİV-lər atışmanın dərs saatları zamanı məktəbin daxilində baş verdiyini əks etdirən videogörüntülər yayıblar.
Filippinin Təhsil Departamenti hadisə ilə bağlı bəyanat yayaraq qurbanlara və onların ailələrinə lazımi dəstəyin göstəriləcəyini bildirib. Qurumun nümayəndələri hazırda hadisə yerində təhlükəsizlik qüvvələri ilə birgə fəaliyyət göstərirlər.