Reklam resmi
Reklam resmi

Tələbələrlə bağlı yeni qaydalar TƏSDİQLƏNDİ- NƏLƏR DƏYİŞİR?

Tələbələrlə bağlı yeni qaydalar TƏSDİQLƏNDİ- NƏLƏR DƏYİŞİR?
Cəmiyyət

Tələbələrin ali və orta ixtisas təhsili müəssisələrində köçürülməsi, bərpası və təhsillərini davam etdirməsi ilə bağlı qaydalarda bir sıra yeniliklər təsdiqlənib.

Ajans.az xəbər verir ki, dəyişikliklər təhsilalanların müxtəlif hallarda təhsil prosesinə qoşulması və ya onu davam etdirməsi zamanı tətbiq olunacaq prosedurların daha dəqiq müəyyənləşdirilməsini nəzərdə tutur.

Yeni tələblərə əsasən, təhsil müəssisəsinin, ixtisasın və ya təhsilalma formasının dəyişdirilməsi, eləcə də tələbənin təhsil müəssisəsinə bərpa olunması və akademik məzuniyyətdən qayıtması zamanı tədris dili prinsipi qorunacaq.

Bununla belə, ingilis və türk dilləri ilə ümumi təhsil pilləsində təhsil alınmış dil arasında keçidə müəyyən hallarda icazə veriləcək. Bununla da əvvəl yalnız ingilis dili üçün nəzərdə tutulan istisna türk dilini də əhatə etmiş olacaq.

Qərarla təhsil müddətinin hesablanması qaydasına da aydınlıq gətirilib. Belə ki, tələbənin oxuduğu ixtisas üzrə normativ təhsil müddəti Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi təhsil proqramlarına uyğun müəyyənləşdiriləcək. Hesablamalar zamanı akademik məzuniyyətdə olduğu dövr, həmçinin təhsil müəssisəsindən xaric edildikdən sonra yenidən bərpa olunanadək keçən müddət ümumi təhsil müddətinə daxil edilməyəcək.

Dəyişikliklər əlavə təhsil çərçivəsində təkrar ali təhsil alan şəxslərə də şamil olunur. Bu kateqoriyadan olan təhsilalanların başqa ali məktəbə keçməsinə, ixtisas və ya təhsilalma formasını dəyişməsinə imkan verilməyəcək. Bununla yanaşı, onların təhsili müvəqqəti dayandırmaq, akademik məzuniyyət götürmək və ya müəyyən edilmiş qaydada təhsil müəssisəsinə bərpa olunmaq hüquqları saxlanılır.

Qərara görə, ali təhsil müəssisəsindən xaric olunmuş və ya akademik məzuniyyətdən qayıtmış şəxslər təhsillərini yalnız əvvəl təhsil aldıqları ixtisas üzrə davam etdirə biləcəklər. Eyni yanaşma əlavə təhsilin təkrar orta ixtisas təhsili istiqaməti üzrə təhsil alan şəxslərə də tətbiq ediləcək.

Xüsusi qabiliyyət tələb edən ixtisaslarda təhsil alan tələbələrin köçürülməsi zamanı əlavə meyarlar nəzərə alınacaq. Belə tələbələrin təhsil müəssisəsini və ya ixtisasını dəyişməsi üçün onların qəbul olunduqları ildə buraxılış və qabiliyyət imtahanlarında topladıqları nəticələr keçmək istədikləri ixtisas üzrə müəyyən edilmiş minimal müsabiqə göstəricilərindən yüksək olmalıdır.

Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşlarının ölkə daxilindəki ali məktəblərə köçürülməsi zamanı da xüsusi tələblər tətbiq olunacaq. Dövlət proqramı və ya hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan şəxslər yalnız həmin proqram üzrə təhsillərinə xitam verildikdən sonra müəyyən edilmiş prosedurlara uyğun şəkildə yerli ali təhsil müəssisələrinə keçid edə biləcəklər.

Sənədə əsasən, tələbənin əvvəl təhsil aldığı müəssisədə onun ixtisas qrupu üzrə müvafiq hazırlıq aparılmadıqda Elm və Təhsil Nazirliyinin razılığı ilə başqa təhsil müəssisəsində eyni ixtisas və təhsilalma forması üzrə təhsilini davam etdirməsi mümkün olacaq.

author picture
Murad Əliyev
Mövzular:
tələbə qayda yenilik

Digər Xəbərlər