Milli Elmlər Akademiyasında XINAYAXDI MÜZAKİRƏSİ- HENNA PARTY
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Rəqəmsal folklor və süni intellekt şöbəsində hibrid formatda elmi seminar keçirilib. Seminarda institut əməkdaşları, doktorant və dissertantlar iştirak ediblər.
Ajans.az xəbər verir ki, tədbirdə şöbənin əməkdaşı Cəmilə Novruzova “İnternet folkloru kontekstində xınayaxdı mərasimi: ənənəvi və virtual mühitdə” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə xınayaxdı mərasiminin sosial-mədəni funksiyaları, keçid ritualı kimi simvolik mahiyyəti və kollektiv yaddaşdakı rolu təhlil olunub. Qeyd edilib ki, mərasim zamanı istifadə olunan atributlar xalq inancları ilə bağlı dərin semantik məna daşıyır.
Çıxışda xüsusilə vurğulanıb ki, son illərdə “Henna Party” adı altında yayılan yeni təqdimat forması ənənəvi xınayaxdı elementlərini qismən qorumaqla yanaşı, onu daha çox vizual, performativ və qlobal mədəniyyətə uyğun formaya salıb. Sosial media və rəqəmsal platformaların təsiri nəticəsində bu mərasim lokal çərçivədən çıxaraq daha geniş auditoriyaya çatır.
Müzakirələr zamanı alimlər bildiriblər ki, bu proses folklorun təbii inkişaf qanunauyğunluğudur. Onların fikrincə, ənənəvi elementlər müasir dövrdə daha çox dekorativ və təqdimat xarakteri alsa da, öz əsas mahiyyətini tam itirmir və yeni sosial-mədəni mühitə uyğunlaşır.
Sonda qeyd olunub ki, “xınayaxdı” və “Henna Party” anlayışları bir-birinə zidd deyil, eyni mədəni fenomenin müxtəlif tarixi mərhələlərdə və kommunikasiya mühitlərində təzahür formalarıdır.