Təbiətin nadir sürprizi: iki rəngli alma tapıldı
Yeni Zelandiyada qeyri-adi görünüşə malik alma yerli sakinlərin və turistlərin diqqət mərkəzinə çevrilib. Yarısı qırmızı, yarısı isə sarı rəngdə olan nadir “ximera alma” kiçik bir mağazada əsl sensasiyaya səbəb olub.
Ajans.az xəbər verir ki, unikal meyvə may ayının ortalarında Kraystçörç şəhərinin Mairehau qəsəbəsində yerləşən Sunshine Corner Market mağazasında Red Braeburn alma partiyasının boşaldılması zamanı aşkar edilib.
Mütəxəssislərin sözlərinə görə, belə almalar son dərəcə nadir hallarda rast gəlinir. Alimlər hesab edirlər ki, bu cür genetik mutasiya milyonlarla alma arasında yalnız bir dəfə baş verə bilər. Fenomen meyvənin formalaşmasının ilkin mərhələsində yaranan spontan genetik dəyişiklik nəticəsində meydana çıxır. Bu zaman alma müxtəlif genetik xüsusiyyətlərə malik hüceyrələrdən inkişaf edir və nəticədə iki fərqli rəngli hissəyə bölünür.
Mağaza sahibi Hizer bildirib ki, alma qısa müddətdə yerli məşhura çevrilib.
Onun sözlərinə görə, bir çox insanlar qeyri-adi meyvəni görmək üçün mağazaya gəlir, şəkillər çəkir və yaxınlarını da onunla tanış etmək üçün geri qayıdırlar.
Hizer qeyd edib ki, tərəvəz və meyvə satışı ilə uzun illər məşğul olan ailəsinin tarixində ilk dəfə belə bir nümunə ilə qarşılaşıb.
Qeyri-adi alma ətrafında müxtəlif inanclar da formalaşmağa başlayıb. Mağaza sahibinin sözlərinə görə, bəzi ziyarətçilər lotereya və ya müsabiqələrdə iştirak etməzdən əvvəl uğur gətirəcəyinə inanaraq almaya toxunmaq istəyirlər.
Hazırda nadir meyvə xüsusi şəraitdə soyuducuda saxlanılır. Bununla belə, mağaza rəhbərliyi yaxın vaxtlarda onun gələcək taleyi ilə bağlı qərar verməlidir. Seçimlər arasında almanı mümkün qədər uzun müddət qoruyub saxlamaq və ya daxili quruluşunu araşdırmaq məqsədilə iki hissəyə bölmək variantları nəzərdən keçirilir.