Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Avropa ölkələri Afrika ilə münasibətlərdə istismarçı deyil, tərəfdaşlıq prinsiplərinə üstünlük verir.
Ajans.az xəbər verir ki, onun sözlərinə görə, Avropa dövlətləri Afrikaya qarşı “yırtıcı siyasət” yürütmür və əməkdaşlıq modeli qurmağa çalışır.
"Paradoks ondadır ki, avropalılar bu əsrin yırtıcıları deyillər. Biz innovasiya etməyi, müdafiə məhsulları və avadanlıqları istehsal etməyi bacarırıq. Lakin bizə vacib minerallar və nadir torpaq elementləri lazımdır, Afrika isə onları öz ərazisində çıxarmaq və emal etmək istəyir", – deyə Makron Nayrobidə keçirilən “Afrika İrəli” sammiti ilə eyni vaxta təsadüf edən “Jeune Afrique” jurnalına müsahibəsində bildirib.
Makron vurğulayıb ki, Avropa beynəlxalq nizamın qorunması, effektiv çoxtərəflilik, qanunun aliliyi və azad ticarət prinsiplərini dəstəkləyir.
Eyni zamanda o qeyd edib ki, ABŞ və Çin daha çox ticarət qarşıdurması məntiqi ilə hərəkət edir. Fransa prezidenti Çinin siyasətini “yırtıcı məntiqə uyğun” kimi qiymətləndirərək bildirib ki, Pekin resursları ölkə daxilində emal edir, əlavə dəyər yaradır və lisenziyalaşdırma sistemi vasitəsilə digər ölkələri asılı vəziyyətə salır.
Makronun fikrincə, Afrika ölkələri də Avropa kimi hər hansı yeni asılılıqdan yayınmaq üçün “strateji muxtariyyət” siyasəti həyata keçirməlidir.