İran Trampın Hörmüz boğazı ilə bağlı tələbini ələ saldı: Açarları itirmişik
İranın Zimbabve və Cənubi Afrikadakı diplomatik nümayəndəlikləri ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının açılması ilə bağlı çağırışını sosial şəbəkələrdə istehzalı şəkildə qarşılayıb.
Ajans.az xəbər verir ki,İranın Zimbabvedəki səfirliyi rəsmi hesabında “Açarları itirmişik” paylaşımı edərək Vaşinqtonun tələbinə ironik münasibət bildirib. Cənubi Afrikadakı səfirlik isə zarafatı davam etdirərək “açarların gül qabının altında olduğunu” yazıb və əlavə edib ki, boğaza giriş “yalnız dostlar üçün” açıqdır.
Aprelin 5-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər Tehran Hörmüz boğazını açmasa, ABŞ qüvvələri İranda yerləşən körpülər və elektrik stansiyalarına zərbələr endirə bilər. O, İran rəhbərliyini sərt ifadələrlə tənqid edib.
Bundan əvvəl isə İran tərəfi mümkün hücumlara cavab olaraq ABŞ və İsrail infrastrukturuna zərbə endirə biləcəyini açıqlayıb. “Xatəm əl-Ənbiya” qərargahının baş komandanı Əli Əbdüllahi bildirib ki, belə bir halda “cəhənnəm qapıları açılacaq”.
Qeyd edək ki, Trampın Tehrana Hörmüz boğazı və Vaşinqtonla mümkün razılaşma ilə bağlı qərar vermək üçün 48 saat vaxt verdiyi də bildirilir.
