Sosial media ilə bağlı YENİ QADAĞA- NƏLƏR DƏYİŞƏCƏK?
Azərbaycanda 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdə hesab yaratmasının qadağan edilməsi təklif olunur. Bu məsələ Milli Məclisin komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Bu barədə Ajans.az-a danışan sosioloq Əhməd Rəhmanov bildirib ki, 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdə hesab yaratmasına qoyulan məhdudiyyət uşaqların sosiallaşmasına ciddi təsir göstərməyəcək.

Onun sözlərinə görə, sosial şəbəkələr uşaqların əsas sosiallaşma mühiti deyil və xüsusilə azyaşlıların bu platformalardan istifadəsinə ciddi ehtiyac yoxdur.
“Uşağın hər hansı təhsil və ya elmi məlumat əldə etməyə ehtiyacı varsa, bunu valideyn nəzarəti altında da edə bilər. Sosiallaşmanın əsas məkanı sosial şəbəkələr deyil”
O hesab edir ki, Azərbaycanda uşaqların sosiallaşmasının qarşısındakı əsas problem sosial media deyil, uşaqlar üçün nəzərdə tutulan ictimai məkanların və əlçatan fəaliyyət imkanlarının məhdud olmasıdır.
“Uşaq öz yaşıdları ilə ünsiyyət quranda, kollektiv fəaliyyətlərdə iştirak edəndə sosiallaşır. Bu gün isə uşaqların toplaşa biləcəyi meydançalar, pulsuz dərnəklər və müxtəlif fəaliyyət məkanları kifayət qədər deyil”
O bildirib ki, internet və sosial şəbəkələrdən istifadədə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Onun fikrincə, valideyn nəzarəti uşaqların onlayn fəaliyyətinin təhlükəsiz şəkildə təşkil edilməsinə imkan verir.
O əlavə edib ki, qanun layihəsini cəmiyyətdə böyük dəyişiklik yaradacaq addım kimi qiymətləndirmir:
“Bu, adi bir tənzimləmədir və normal qarşılanmalıdır. Uşaqların sosiallaşmasının qarşısını alan əsas amillər sosial şəbəkələr deyil. Əsas problem uşaqların bir araya gəlib vaxt keçirə, ünsiyyət qura biləcəyi şəraitin yetərli olmamasıdır.”